Şrift:
Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi qeyd edilib
22.12.2021 [11:02] - Xəbərlər, Sosial
Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında təşkil olunub.

Mərasimdə iştirak edən qonaqlar əvvəlcə teatrın foyesində Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edib. Nazir müavini Leyla Bədirbəylinin Azərbaycan teatrının və kinosunun inkişafındakı böyük xidmətlərindən danışıb. Bildirib ki, Leyla Bədirbəylinin ölməz sənəti Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onun yaratdığı obrazlar insanlar tərəfindən hər zaman hörmət və ehtiramla xatırlanacaq.

Daha sonra Leyla Bədirbəylinin teatr və kino yaradıcılığı haqqında videçarx nümayiş etdirilib, eyni zamanda onun iştirak etdiyi tamaşalardan parçalar oynanılıb, musiqi nömrələri səslənib.

Qeyd edək ki, tədbirin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədovdur.

Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.

Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

Kinoda bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.

“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed