Şrift:
Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı Fərman dövlət başçısının sağlamlığını vətənə fəda edənlərə münasibətini əks etdirir
24.12.2021 [09:43] - Xəbərlər, Sosial
Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı Fərman dövlət başçısının sağlamlığını vətənə fəda edənlərə münasibətini, qayğı və diqqətini əks etdirir.

Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavinin sözlərinə görə, məlum Fərman şəhid ailələri, qazilərlə yanaşı, əlillərin də hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir: “Dövlət başçısının Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair Fərmanı hər şeydən əvvəl göstərir ki, bu insanlar dövlətimiz, onun Prezidenti üçün son dərəcə əziz və hörmətəlayiq şəxslərdir. Çünki həmin şəxslər vətənin müdafiəsində əsl fədakarlıq sərgiləyib, öz sağlamlıqlarını vətənə, onun təhlükəsizliyinə qurban veriblər. Buna görə də dövlətimiz bu insanların xidmətini daim qiymətləndirir, onların sosial rifahının gücləndirilməsi, məişət şəraitinin yaxşılaşdırılması, maddi təminatının artırılması üçün bütün mümkün imkanlardan istifadə edir. Bu baxımdan dövlət başçısının sözügedən fərmanı bu istiqamətdə atılan növbəti addımlardan biridir”.

Polkovnik qeyd edib ki, məlum Fərman ümumilikdə 100 min insanın sosial təminatının güclənməsinə xidmət edəcək ki, bu da olduqca böyük rəqəmdir: “Fərmanla 1997-ci il avqustun 2-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərə birdəfəlik ödəmə veriləcək. Belə ki, I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Bu isə Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə - ümumilikdə 17-20 min ailəyə böyük dəstəkdir. Yəni söhbət 100 min vətəndaşımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan böyük humanist addımdan gedir. Bu addım isə sadəcə həmin vətəndaşlarımız tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən alqışlanır, məmnunluqla qarşılanır”.

Cəlil Xəlilov qeyd edib ki, yaxın gələcəkdə şəhid ailələri, müharibə əlilləri, qazilərlə bağlı mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da dövlətimizin, onun başçısının sosialyönümlü siyasətini, öz vətəndaşına verdiyi dəyəri əks etdirir: “Azərbaycanda Prezidentin rəhbərliyi və bilavasitə göstərişi ilə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahının yaxşılaşması, onların təminatının gücləndirilməsi istiqamətində mütəmadi dövlət siyasətinin həyata keçirildiyi məlumdur. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün bütün dünyada şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara ən çox diqqət və qayğı göstərən dövlətlərdən biri, hətta mən deyərdim ki, birincisidir. Bununla yanaşı, dövlətimiz yaxın gələcəkdə də məlum kateqoriyaya məxsus vətəndaşlarımızla bağlı böyük sosial layihələr həyata keçirməyi nəzərdə tutur ki, bu layihələrin də miqyası olduqca böyükdür. Nümunə üçün qeyd edim ki, 2021-2025-ci illərdə daha 11 min, o cümlədən 2021-ci ildə 3 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutulub. 2021-ci ildə artıq 2800, ümumən ötən dövrdə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib ki, bu da kifayət qədər böyük göstəricidir.

Biz veteranlar olaraq dövlət başçısına müharibə əlillərinə, şəhid ailələrə, qazilərə olan qayğıkeş münasibətə görə öz təşəkkürümüzü bildirir, minnətdarlığımızı ifadə edirik. Bir daha bəyan edirik ki, cəmiyyətimizin bütün təbəqələri kimi veteranlarımız da Prezidentin siyasətini tam olaraq dəstəkləyir və bundan sonra da eyni qətiyyətlə dəstəkləməkdə davam edəcək”.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed