Şrift:
Azərbaycan Könüllülərinin iştirakı ilə “Bir Addım” layihəsi keçirilib
24.12.2021 [09:45] - Gündəm, Sosial
"Bir Könüllü" Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə 17-20 dekabr tarixlərində Şamaxı şəhərində düşərgə formatlı "BİR Addım" layihəsi keçirilib.

Təşkilatdan bildiriblər ki, Azərbaycan Könüllülərinin dünyagörüşünün artırılması, intellektual qabiliyyətinin inkişaf etdirilməsi, komanda ilə işləmə bacarığının aşılanması və könüllü təşkilatları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə keçirilən layihədə 16 müxtəlif könüllü təşkilatının üzvlərindən ibarət 7 komanda iştirak edib.

Layihə çərçivəsində “Bir Addım” iştirakçıları üçün UNFPA Azərbaycanda təlimçisi Canoğlan İlyasov tərəfindən “Komanda Quruculuğu”, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova tərəfindən “Layihələrin idarə olunması” və “Təqdimat bacarıqları”, Heydәr Әliyev adına Müasir Tәhsil Kompleksinin tәdris mәsәlәlәri üzrə direktor müavini Anar Məmmədov tərəfindən “İdarəçilik”, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İşçi qüvvəsi üzrə baş koordinatoru Tural Hümbətov tərəfindən isə “Könüllülük və şəxsi inkişaf” mövzusunda maarifləndirici təlimlər təşkil edilib.

Layihə iştirakçılarının intellektual qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində “Tap görək”, “Nə?, Harda?, Nə zaman?” və “Code Tusi” intellektual komanda oyunları keçirilib.

Mədəni hissə çərçivəsində isə bacarıqlı “Bir addım” iştirakçıları tərəfindən musiqilər ifa olunub.

Layihənin bağlanış mərasimdə Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov, Şamaxı rayon Vergilər Nazirliyinin iqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin rəisi İmran Qarayev, Şamaxı rayon İcra Hakimiyyətinin baş şöbə aparatının ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndəsi Vüqar Əliyev və "Bir Könüllü" Təşkilatının sədri Elnur Mirzəzadə iştirak edib.

Təşkilatın sədri və gələn qonaqlar tərəfindən layihə iştirakçıları və intellektual komanda oyunlarının qalibləri mükafatlandırılıb.

Qeyd olunub ki, tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən “Bir Könüllü” Təşkilatı 27 mindən çox tələbə-üzvə malikdir və indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.

“Bir Könüllü” olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və təşkilata üzv ola bilərlər.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed