Şrift:
“Naxçıvan beynəlxalq ticarət və logistika mərkəzi kimi” adlı respublika elmi konfransı keçirilib
28.12.2021 [09:59] - Xəbərlər, Sosial
Naxçıvan Muxtar Respublikasının ölkəmizin əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan tarixi addımlar, Zəngəzur dəhlizinin açılması bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, bu fikirlər universitetdə keçirilən “Naxçıvan beynəlxalq ticarət və logistika mərkəzi kimi” adlı respublika elmi konfransında səsləndirilib.

Konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev bildirib ki, konfrans universitetdə yeni açılan və gələcək perspektivləri yüksək olan Beynəlxalq ticarət və logistika ixtisası tələbələrinin iştirakı ilə keçirilir. Bu ixtisasın açılmasında əsas məqsəd qloballaşan dünyadakı beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək və öyrəndiklərini biznesin müxtəlif sahələrində praktiki olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdən ibarətdir.

Diqqətə çatdırılıb ki, logistik ticarətlə bağlı son illər ərzində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə yanaşı, Azərbaycanda da müxtəlif sənədlər imzalanıb, bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. Bu sahədə ali təhsil müəssislərində də müxtəlif konfranslar keçirilir.

Rektor qitələrarası inteqrasiyanın təmin olunmasında İpək Yolunun əhəmiyyətinə diqqət çəkərək türkdilli dövlətlərin təşəbbüsü ilə reallaşan beynəlxalq enerji, nəqliyyat və infrastruktur layihələrinin önəmindən bəhs edib. Vurğulanıb ki, Naxçıvan tarixən nəqliyyat kommunikasiyalarının kəsişdiyi coğrafi ərazi olduğuna görə bu diyar İpək Yolunun canlanması baxımında mühüm rol oynayıb. Elbrus İsayev parlaq Qələbəmiz sayəsində Naxçıvanla ölkəmizin qərb rayonları arasında quru yolunun yaradılmasının bu gün əsas məsələlərdən biri olduğunu qeyd edib.

Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasov “Naxçıvanın nəqliyyat logistika mərkəzinə çevrilməsi işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafında əsas amildir” mövzusunda çıxış edərək bildirib ki, Şuşa Bəyannaməsində qeyd olunan müddəalara əsasən, Naxçıvanın yaxın gələcəkdə beynəlxalq ticarət və logistika mərkəzinə çevriləcəyi şübhəsizdir. Belə ki, Azərbaycanı və Türkiyəni Naxçıvan vasitəsilə birləşdirən Zəngəzur dəhlizinin açılması əlaqələrin intensivləşməsinə mühüm töhfə verəcək. Şuşa Bəyannaməsində bununla bağlı xüsusi bir bəndin olması, məsələnin əhəmiyyətini bir daha göstərir. Belə ki, Zəngəzur dəhlizi ilə bütün türk dünyası birləşəcək. Bu amil bölgədə yeni reallığın yarandığını təsdiqləyir.

Tədbirə onlayn qoşulan Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisad elmləri doktoru professor Mübariz Bağırov “Naxçıvanın logistika mərkəzi kimi inkişaf perspektivləri” mövzusunda çıxış edib, muxtar respublikada regional əhəmiyyətli logistika və ticarət qovşağının yaradılması və bu məsələlərdə ölkəmizin aparıcı mövqeyindən danışıb. Bildirib ki, Naxçıvanın logistik mərkəzə çevrilməsi burada hüquqi və fiziki şəxslərin, əmtəə istehsalı və emal sənayesi ilə məşğul olanların yeni bazarlara çıxışını təmin edərək şaxələndirmənin inkişafına gətirib çıxaracaq. Bunun da nəticəsində ticarət dövriyyəsi artacaq, eyni zamanda, logistikanın əsas elementi olan daşımaların həcmi çoxalacaq.

Mübariz Bağırov vurğulayıb ki, şaxələndirmənin və ticarətin müasir səviyyədə inkişaf etdirilməsi innovativ amillərə söykənməlidir. Bütün bunların fonunda Naxçıvana xarici investisiya axını da sürətlənəcək.

Türkiyənin Ərzurum Atatürk Universitetinin professoru Kərəm Qarabulut “Qars-İğdır-Naxçıvan-Bakı dəmir yolunun inkişafında Naxçıvanın körpü rolu” mövzusunda onlayn çıxışında qeyd edib ki, kommunikasiyanın yaradılması iki ölkənin kiçik və orta biznesinin inkişafında mühüm rol oynayacaq. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənəd isə iki qardaş ölkənin əlaqələri və bölgənin inkişafı baxımından muxtar respublikanın tarixində yeni bir səhifə açır.

Tədbirə onlayn qatılan Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisad elmləri doktoru professor Rəsul Balayev “Beynəlxalq logistika şəbəkəsində rəqəmsal texnologiyalardan istifadə perspektivləri” mövzusunda çıxışında bildirib ki, investisiya siyasəti inkişafın strukturunu təyin edən əsas amildir. Bu istiqamətlərdə görülən işlərdə rəqəmsal texnologiyalardan istifadə etmək zəruridir. Hazırda Azərbaycanda rəqəmsal platformaların əksəriyyəti logistik sistemlər üzərində qurulur. Ümumiyyətlə, rəqəmsal mühitin formalaşdırılması logistik şəbəkədə malların çatdırılması üzrə imzalanmış xarici və yerli müqavilələr üzrə tərəflərin müvafiq göstəricilərinin, xərclərin və risklərin müəyyənləşdirilməsi ilə əlaqədardır.

Konfrans “Beynəlxalq mühasibat uçotu standartları”, “Beynəlxalq iqtisadiyyata inteqrasiya və davamlı iqtisadi inkişaf”, “Beynəlxalq ticarət və beynəlxalq turizm və logistika mərkəzi” adlı 3 bölmədə davam edib.
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed