Şrift:
Fərəc Quliyev: “Rusiyanın 3 ölkəni birləşdirmək niyyəti fiaskoya uğrayacaq”
17.07.2022 [08:13] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Rusiya Federasiyası Dövlət Dumasının və Federasiya Şurasının birgə iclasının keçirilməsi planlaşdırılır. Rusiya Prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko və Ukraynanın qaçaq prezidenti satqın Viktor Yanukoviç üç ölkənin “birləşmə paktı”nı imzalaya bilər.

Bunu müsahibəsində rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

“Axmaq ssenaridir, lakin bu qondarma ümumi dövlətin elan edilməsi reallığa çevrilə bilər. Yanukoviçin “cənazəsi” haradansa gətiriləcək. Sonra da üç böyük slavyan prezidenti - Putin, Lukaşenko və Yanukoviç bu barədə pakt imzalayacaqlar. Bu cür planlar Kremldə də gəzir. Amma hesab edirəm ki, 15 iyulda keçiriləcək bu görüş tarixi heç nə ilə bitməyəcək”, - Piontkovski bildirib.

Rusiyanın bu addımı reallaşa bilərmi?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
belə bir “birliyin” ərsəyə gələcəyinə inanmır: “Hətta Belarusun özü belə qorxusundan Rusiyanın yanında dayanıb. Başa düşür ki, cəhənnəmə gedən özünə yoldaş axtarır. İmkan tapdıqca proseslərdən yayınmağa çalışır. Hətta belə bir məsələ ciddiləşərsə belə, Belarus bundan yayınmağa çalışacaq. Yanukoviç kimi bir siyasi meyitin isə Ukrayna adından danışmağa heç bir səlahiyyəti yoxdur. Sabiq prezident kimi onun imici də ortadadır. Ukraynada ciddi hörmətə malik deyil. Rusiya müharibıyə başlayanda onu yaxına gətirdilər ki, tez zamanda iş başına qoysunlar. Amma həmin plan da alınmadı. Rusiyanın resursları tükənir. Bura həm iqtisadi, həm də siyasi təsir rıçaqlarını aid edə bilərik. Bu səbəbdən də oynamaq üçün yeni kartlar axtarır. Belə bir söhbət də var ki, Rusiya sentyabr ayında işğal etdiyi əraziləri tam ilhaq etmək istəyir. Yeni plan ondan ibarətdir ki, Dneprin Şərqində yeni bir “dövlət” yaratsın. Yəqin ki, Yanukoviçi də ora rəhbər təyin edəcəklər. Təxminən Koreya kimi. Ölkəni ikiyə bölüb, yarısına nəzarət etməyi planlayır. Bununla həm də özü ilə NATO arasında bufer zona yaratmağa çalışır. Gözləntilər var ki, Ukrayna özünü tam səfərbər edəndən sonra sentyabrdan hücumlara başlayacaq. Son günlər ABŞ-ın verdiyi silahlarla Ukrayna ordusu Rusiyanı qovur. Rusiyanın 3 ölkəni birləşdirmək niyyəti fiaskoya uğrayacaq. Müharibənin ilk vaxtında da tələbləri sərt idi. Hətta NATO-dan 90-cı illərdəki sərhədlərə doğru geri çəkilməyi tələb edirdi. Əvəzində Norveç və Finlandiyanın NATO-ya üzv edildiyinin şahidi olduq. Deməli, hərbi alyans Rusiyanın iradəsinin əksinə addım atdı. İstəklərlə nəyisə həll etmək olmur. Gərək imkanların da yetərli olsun. Sentyabra doğru elə vəziyyət yaranacaq ki, Rusiya öz hayına qalacaq. Rusiya belə manevrlərlə ictimai rəyi məşğul edir”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed