Şrift:
BMT-nin Baş katibi aclıq probleminin həlli ilə bağlı hökumətlərə müraciət edib
25.07.2023 [11:03] - Siyasət
BMT-nin Baş katibi Antonio Quterreş qlobal aclıq probleminin həlli üçün biznes və hökumətlər arasında əməkdaşlığı təşviq etmək və davamlı iqlim dəyişikliyinin qida istehsalına zərərli təsirini yumşaltmaq zərurətini vurğulayıb.

Romada keçirilən BMT-nin Qida Sistemləri Sammitində çıxış edən Baş katib bildirib ki, “dünyada bolluq şəraitində insanların aclıqdan əziyyət çəkməyə və ölməyə davam etməsi dəhşətli haldır”. O əlavə edib ki, qlobal qida sistemləri pozulub və bunun nəticəsində milyardlarla insan aclıqdan əziyyət çəkir.

BMT-nin hesablamalarına görə, 780 milyondan çox insan aclıq həddində yaşayır, qlobal miqyasda istehsal olunan bütün qidaların demək olar ki, üçdəbiri itirilir və ya israf edilir və 3 milyarda yaxın insan sağlam qidalanmaq imkanına malik deyil.

A.Quterreş davamlı qida sistemlərinə “külli miqdarda” sərmayə qoyuluşundan başlayaraq, gələcək fəaliyyət üçün üç əsas istiqaməti qeyd edib. O bununla bağlı vurğulayıb: “İnvestisiyaların qida sistemlərinə yönəldilməsi insanların aclıqdan ölməsinin qarşısını ala bilər”. O, hökumətləri BMT-nin ehtiyacı olan bütün ölkələr üçün uzunmüddətli maliyyələşdirməni dəstəkləmək məqsədilə hər il ən azı 500 milyard dollar vəsait ayrılması üzrə SDG çağırışına cavab verməyə çağırıb. Digər tərəfdən, Quterreş hökumətləri və özəl sektoru qida sistemlərinin qurulmasında əməkdaşlığa və "insan həyatını mənfəətdən üstün tutmağa" səsləyib. Onun sözlərinə görə, bu, bütün fərdlər üçün təzə, sağlam qidanın mövcudluğunu artırmaq, ərzaq bazarlarını açıq saxlamaq, ticarət maneələrini və ixrac məhdudiyyətlərini aradan qaldırmaq üçün yeni yolların araşdırılmasını nəzərdə tutur.

Karbon emissiyalarının azaldılması və qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması məsələlərinin əhəmiyyətini vurğulayan Baş katib qeyd edib ki, qida emalı, qablaşdırma və nəqliyyatda karbon izini azaltmaq da mühüm addımlardır.

Sammitin açılışında çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu 2015-ci ildə bütün dünya dövlətləri tərəfindən razılaşdırılmış on yeddi SDG hədəflərinə çatmaq istiqamətində ərzaq sistemlərinin transformasiyasında irəliləyişin qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O, kənd təsərrüfatı sistemlərinin daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat, o cümlədən daha davamlı əkinçilik, səmərəli su idarəçiliyi, məsuliyyətli qablaşdırma, meşələrin bərpası və qida tullantılarının azaldılması üçün təmin edə biləcəyi həllərin müəyyən edilməsində irəliləyişləri qeyd edib.

İyulun 24-dən 26-a qədər keçirilən BMT-nin Qida Sistemləri Sammitində iştirak edən 160-dan çox ölkədən 2 mindən çox iştirakçı 2021-ci ildə ilk Qida Sistemləri Sammitində götürülmüş öhdəliklər üzrə irəliləyişləri nəzərdən keçirir, həmçinin prioritetlərə yenidən diqqət yetirməklə, yaranan problemlərin həlli yollarını müəyyən edir.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed