Şrift:
Avropanın informasiya agentliklərini birləşdirən “Central Europe Report” layihəsi Şuşa Qlobal Media Forumunda təqdim olunub
25.07.2023 [11:15] - Gündəm
Avropanın aparıcı informasiya agentliklərini özündə birləşdirən “Central Europe Report” (www.cereport.eu) layihəsi Şuşa Qlobal Media Forumunda təqdim olunub.

Layihə “Festung News & Media GmbH” (Avstriya) şirkətinin direktoru Altay Ələsgərov, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandr Giboi və Milli Məclisin deputatı Sevil Mikayılova tərəfindən təqdim olunub.

Layihənin təsisçisi olan “Festung News & Media GmbH” (Avstriya) şirkətinin direktoru Altay Ələsgərov qeyd edib ki, CE-Report portalı Avropa İttifaqında siyasət, iqtisadiyyat və mədəniyyət xəbərləri ilə yanaşı, Mərkəzi və Şərqi Avropadan ümumi xarakterli xəbərlər də təqdim edəcək.

“İnformasiya portalı özündə həmçinin multimedia məzmunu, press-relizlər və müxtəlif analitik məqalələri birləşdirəcək. Veb səhifənin yaradılması şirkətimizin unikal proqram təminatı sayəsində mümkün oldu. Biz CE-Report-un yaradılmasında bu proqram təminatından istifadə etdik. Veb səhifə bu yaxınlarda hazırlanmış yenilənmə və funksiyalar, o cümlədən innovativ multimedia texnologiyaları hesabına modernizasiya olunacaq. Əlavə olaraq həm informasiya agentlikləri üçün, həm də bir çox digər məqsədlərlə müxtəlif veb-səhifələrin yaradılmasında istifadə edilə biləcək proqram təminatı təklif edə bilərik”, - o deyib.

A.Ələsgərov vurğulayıb ki, xəbər məzmununun yalnız kiçik hissəsi CE-Report portalında yüklənir və dərc olunur, əsas xəbər məqalələri isə birbaşa olaraq CE-Report ilə əlaqəli olan xəbər təminatçısının əsas veb səhifəsində yerləşir.

“Bununla trafikin layihə iştirakçılarının veb səhifəsinə generasiyasına nail oluruq. CE-Report-un sosial şəbəkələr vasitəsilə təbliğini planlaşdırırıq və artıq həyata keçiririk. Təqribən bir ay bundan əvvəl işə salınan layihədə iştirak bütün iştirakçılara fayda verəcək”, - deyə o əlavə edib.

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandr Giboi isə öz növbəsində platformanın konsepsiyasının Mərkəzi Avropanın aparıcı informasiya tədarükçülərini bir araya gətirmək məqsədi daşıdığını qeyd edib.

“Bu layihənin icrasında lap əvvəldən iştirak edirəm və məmnuniyyətlə bildirirəm ki, informasiya agentliklərini bu portal üçün informasiya mənbəyi olaraq müəyyən dərəcədə təbliğ etmişəm. Biz çalışırıq ki, doğru məzmun və keyfiyyətli xəbərlər təklif edək və hər şeydən öncə, sübut etməyə çalışırıq ki, tətbiq etdiyimiz texnologiyalar keyfiyyətli medianın təbliğinə kömək edə bilər. Konsepsiya Mərkəzi Avropadan mühüm məlumatları toplamaqdan ibarətdir. Bizim əsas tərəfdaşlarımız Rumıniya, Yunanıstan, Bosniya və Herseqovina və Ukraynadan olan informasiya agentlikləridir. Məqsəd bütün bu informasiya agentliklərini bir araya yığmaq və onlara daha etibarlı məzmun hazırlamaqda kömək etməkdən ibarətdir”, - o deyib.

Giboi "CE-Report"un Mərkəzi Avropa barədə doğru informasiyanın əsas mənbələrindən biri olacağını vurğulayıb.

“Bu vaxt alacaq, biz bu cür nəticəni o saat əldə edə bilmərik, lakin ümid edirəm ki, provayderlərin və informasiya agentliklərinin köməyilə nə vaxtsa bütün Avropada tanınacağıq. Əlbəttə, sosial şəbəkələrin olması vacibdir, mən demirəm ki, bu texnologiyalara investisiyalardan daha vacibdir. Düşünürəm ki, platformanın gələcəyi innovasiyalardan asılıdır. Təklif edirəm ki, əsas diqqəti təkcə vəzifələrə deyil, media mühitinin demokratikləşməsinə də yönəldək, lakin ola bilsin ki, süni intellekt tərəfindən hazırlanan məzmunun yaxşılaşdırılmasına və ya məzmunu gələcəkdə gənc nəsil üçün daha əlçatan edəcək digər imkanlara da diqqət yetirməliyik”, - deyə o açıqlayıb.

A.Giboi hazırda əksər xəbər platformalarının ənənəvi xəbər mühitinə malik olduğunu, lakin KİV-in və "CE-Report"un gələcəyinin innovasiyalardan asılı olduğunu qeyd edib.

“Bu səbəbdən mümkün qədər məlumatlı olmalıyıq. Düşünürəm ki, tezliklə bu layihənin bir hissəsi olacaq, bir sıra funksiyiaları sınaqdan keçirəcək və onların oxucular tərəfindən necə qəbul edildiyinə baxacağıq”, - deyə Giboi əlavə edib.

Milli Məclisin deputatı Sevil Mikayılova "CE-Report"un etibarlı xəbər mənbəyi olacağını və media mühitində inteqrasiya prosesində yeni səhifə açacağını bildirib.

“Avropa media layihəsinin təqdimatında iştirak etməkdən çox məmnunam. Biz iki gün ərzində Şuşada kütləvi informasiya vasitələri, həmçinin gündəlik həyatımızda KİV-də üzləşdiyimiz təhdid və çağırışlar barədə məhsuldar müzakirələr apardıq. Düşünürəm ki, burada hamınız bu həyatın bir hissəsisiniz və siz də baş verənlərə görə narahatsınız. İnformasiya təhlükəsizliyi və həyat təhlükəsizliyi birinci dərəcəli əhəmiyyət daşıyır. İki gün ərzində Şuşa Qlobal Media Forumunun iştirakçıları bu çağırışların həllini tapmağa çalışdı və düşünürəm ki, "CE-Report" bu gün üzləşdiyimiz və sabah üzləşəcəyimiz təhdidlərin həlli üçün ən yaxşı həlli təqdim edir. Mahiyyətcə biz indi informasiyanın inteqrasiyasından danışırıq, çünki informasiya təhlükəsizliyi təhdid altındadır, xəbər təminatçıları, istehlakçıları, istehsalçıları isə həll edilməli gündəlik problemlərlə üzləşirlər. Qürur duyuruq ki, "CE-Report" Avropanın həm özəl, həm də dövlət informasiya agentliklərini bir araya gətirəcək və doğru informasiyanın təqdim edilməsi onların ümumi məqsədidir. İnanıram ki, "CE-Report" etibarlı informasiya mənbəyi olacaq və medianın inteqrasiyasında yeni səhifə açacaq”, - deyə deputat əlavə edib.
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed