Şrift:
Fərəc Quliyev:Bu qanun siyasi partiyaları silkələdi
10.08.2023 [10:45] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"Bütün partiya sədrlərinin ortaq fikri budur ki, reyestr məsələsi qarşımızda xeyli çətinliklər yaradıb".

Bunu News24.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

O bildirib ki, indiyədək partiya üzvlərinin siyahısını dəqiqləşdirmək zərurəti olmayıb. Lakin qanunun qəbulu partiyanın qarşısında belə bir tələb qoyub.

F. Quliyevin sözlərinə görə, Ədliyyə Nazirliyinə təqdim olunan yekun siyahıda 10 min 200 nəfərin adı yer alıb:

"Partiyamızın 60 rayon şöbəsi var. Onların hamsında üzvlərlə bağlı vəziyyətin nə yerdə olduğunu bilmirdik. Bu qanun siyasi partiyaları silkələdi və sahmana saldı. Əlbəttə ki, siyasi hakimiyyətə gəlmək istəyən partiyaların işi asan ola bilməz. Məncə, bu çətinliklər idmançının əzələ ağrısına bənzəsə də, faydalıdır. Lakin eyni zamanda həm siyasi palitra, həm də münasibətlər sistemi sahmana düşür. Bundan sonra proporsional və ya qarışıq seçki sistemi tətbiq olunacaqsa bu da faydalı olacaq və partiyaların siyasi gücü və hansı zehniyyətin iş başında olduğu ortaya çıxacaq. Hər şey buna doğru gedir. Məncə doğru bir yanaşmadır".

F. Quliyev Milli Dirçəliş Hərəkatı Partiyasının müraciətinin araşdırılması zamanı ortaya çıxan nöqsanlardan da danışıb:

"Avqustun 4-də Ədliyyə Nazirliyinin bizə göndərdiyi rəsmi cavabdan məlum oldu ki, siyahıda göstərilənlərin 221 nəfəri paralel olaraq başqa partiyaların da üzvüdür. Onlar ya bizim partiyada olub çıxıb gediblər, ya da bizə üzv olarkən əvvəlki partiyanı məlumatlandırmayıblar. Siyahıda vəfat edənlərlə yanaşı, 184 nəfərin məlumatları təkrarlanıb. Partiya üzvlərimizə zənglər olunub. Onlardan 194 nəfər rəhbərlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyasının üzvü olmadığını bildirib. Sonrakı mərhələdə biz bu məsələni də araşdıracağıq. Bundan əlavə, 3501 nəfərin şəxsi məlumatlarında səhvlər aşkarlanıb. Bu rəqəmləri çıxanda 5850 civarında üzvümüz qalır. Bu düzəlişləri edəndən və iradları aradan qaldırandan sonra qeydiyyatla bağlı növbəti müraciəti göndərəcəyik".

Fərid Azəri
Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed