Şrift:
Fərəc Quliyev:Bu cür təxminlərə ciddi yanaşmıram, çünki...
17.08.2023 [11:14] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“İranın dini lideri Əli Xamneyinin ölümü bu ölkədə rejim dəyişikliyi ehtimalını hər zamankından daha çox artıracaq”.

Bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) səviyyəsində baş verəcək qarşıdurma səbəbindən Xameneyinin ölümündən sonra İranda rejim dəyişikliyi və demokratiyaya keçid ehtimalı həmişəkindən daha çox olacaq. Bolton SEPAH komandirləri və din xadimləri arasında qarşıdurmanı istisna etmir.

Onun fikrincə, İranın dini liderinin ölümü SEPAH-ı həmişəkindən daha həssas nöqtəyə gətirəcək. Bolton Xamneyinin hazırda 84 yaşının olduğunu və xəstəlikdən əziyyət çəkdiyini iddia edib.

ABŞ-ın keçmiş rəsmisi xatırladıb ki, İran liderinin fiziki durumu dəfələrlə pisləşib və Tehran rejimi Xameneyinin ölümündən sonra hakimiyyətin ötürülməsi mərhələsi üçün dəqiq real yol xəritəsinə malik deyil. Boltonun fikrincə, bu o deməkdir ki, SEPAH-a qarşı təzyiqlər həmin andan sonra daha da artacaq və bu onu zəiflədəcək.

Bəs Xameneyidən sonra İranı nə gözləyir? Güneydəki soydaşlarımızın vəziyyətinə hansı təsirlər mümkündür? Ümumiyyətlə, İrandakı rejimin varlığı Xamneyi faktoruna nə dərəcədə bağlıdır?

Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev “Yen Müsavat”a açıqlamasında Boltonun təxminlərini bölüşmədiyini bildirdi: “Siyasətdə belə təsadüflərlə proqnozlar bildirmək və yaxud bir ölkənin taleyini təsadüfi hadisələrə bağlamaq doğru deyil. Xameneyi dünyasını dəyişəndə başqasını gətirib, onun yerinə qoyacaqlar. Yəni heç nə dəyişməyəcək. Əslində kollektiv olaraq qərar qəbul edirlər və dini liderlər onların icrasını prezident aparatına tapşırır. Onlar sxemi elə qurublar ki, bir nəfərin dünyasını dəyişməsi ilə hansısa dəyişikliklər olmur.

Artıq indidən Xamneyinin yerinə bir çox namizədlərin adları hallanır. Varislik prinsipi rəsmi elan olunmasa da, hər halda, bir neçə nəfərin onun yerinə olacağı düşüncəsi vardır. Ümumiyyətlə, Amerikanın bu yanaşmasında başqa məqsəd görürəm. Birincisi, fikrimcə, pərdəarxası alver gedir, çünki bir müddət əvvəl İranın Cənubi Koreya banklarında dondurulmuş hesablarının qaytarılmasına icazə veriblər. Həmin hesablara İranın neft satışından əldə olunan pullar toplanırdı. İranın həbs götürülən hesablarında 7 milyard dollar vəsait var idi. Lakin Koreya vonunun məzənnəsi düşdüyünə görə indi vəsaitlər 6 milyard dollara bərabərdir. Yəni bir tərəfdən sanksiyalar tətbiq olunur, digər tərəfdən onun valyutasını qaytarırlar. Qeyd etdiyim kimi, pərdəarxası müəyyən alverlər gedir. Pulu qaytaranda adını qoyurlar ki, "neft sənayesi neftlə bağlı məsələnin səliqəyə salınması üçün"".

Fərəc Quliyevə görə, Amerika İranda daha çox ona uyğun rejimin olmasında maraqlıdır: “İranın formasının dəyişilməsini və onunla hesablaşmasını istəyirlər. Ona görə hər zaman qeyd edirdim ki, Güney Azərbaycanda gedən Milli Azadlıq Hərəkatı heç kimin yadında deyil. Əlbəttə ki, Güney Azərbaycan Milli Hərəkatı bütövlükdə Azərbaycan Milli Azadlıq Hərəkatının bir hissəsidir. Onun Quzeydə nailiyyətləri var, bu - dövlət quruluşudur. Güneydə isə nailiyyətlər davam edir və bu bizim hamımızın işidir. Bu mənada bizim hərəkatçılar bu cür təxminlərə inanmamalı, onu əsas götürməməli, yeni şəkilləndirmələr etməli, dəyişikliklər etmək üçün işlər görməlidirlər. Yoxsa ki, kimsə öləcək deyə planlar qurmaq doğru deyil. Bəlkə Xamneyi heç ölməyəcək, 100 ildən çox yaşayacaq? Məncə, bu daha çox kiminsə başının altını yastıqlamaya xidmət edən məsələdir.

İkincisi, Amerika tərəfi onsuz da şahın oğlu üzərində müəyyən gəlişmələr etməyə çalışırdı. Qərbdə də daha çox fransızlar iş görürdü. Yəni hərə öz əlinə oynayır. Beləliklə, bu cür təxminlərə ciddi yanaşmır və hesab edirəm ki, belə məsələlərlə bölgəni və ölkənin taleyini proqnozlaşdırmaq və yaxud hansısa layihəni hazırlamaq düzgün deyil".

Xalidə GƏRAY/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 1239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed