Şrift:
Fərəc Quliyev:Bizə heç kim heç nə edə bilməz
05.10.2023 [12:09] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Yeni tarix yazan və haqlı Azərbaycana qarşı qərəzli bəyanatların heç bir əhəmiyyəti ola bilməz, çünki...

Olduqca mühüm tarixi proseslər yaşayırıq. Ölkəmizin ərazisində ikinci erməni dövləti qurmaq istəyən separatçı rejimin rəhbərləri antiterror tədbirlərindən sonra bir-bir həbs olunaraq Bakıya, mühakimə olunmağa gətirilir.

Milyarder Ruben Vardanyan, Lyova Henrixi Mnatsakanyan, David Babayan, Davit Manukyandan sonra Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Araik Arutyunyan (2020-2023), Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Qeyd edək ki, bəzi bədxah ölkələr, erməni diasporu Azərbaycanın bu haqq işinə görə səslərini başlarına atıblar. Kimisi Azərbaycana qarşı sanksiyalara səsləyir, kimisi onların dərhal buraxılmasını istəyir və s.

Ancaq fakt budur ki, bu adamların dəhşətli cinayətləri sübuta yetirilib, bəşəri cinayətlər törətdiklərinə dair faktlar göz önündədir. De-fakto bu adamlar terrorçuluq, separatizm, kütləvi qırğın kimi bəşəri cinayətlər törədiblər. Belələrinin mühakiməsi beynəlxalq hüququn tələbidir və buna görə kimsə Azərbaycana irad tuta bilməz. Bu əməllərə görə onlar ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə qeyd edib ki, hazırda çox böyük tarixi hadisələr yaşanır: “Əslində biz zahirən ölkəmizin bir hissəsinin azad olunması kimi görünən hadisəni dərindən təhlil etsək, görərik ki, az qala bölgənin taleyinə təsir edən bir proses baş verib.

Xatırladım ki, ikinci erməni dövləti yaratmaq istəyənlərin planı tam 100 il əvvəl məşhur “Şərq məsələsi”nin tərkib hissəsi idi. Yəni bütün Türk dünyasının sarsıtmaq, onun arasındakı əlaqələri kəsmək üçün atılan addım idi. Əslində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı bu məşhur “Şərq məsələsi” projesini alt-üst etdi, ikinci erməni dövləti yaratmaq istəyənlərin arzularını gözündə qoydu, Ermənistanın “dənizdən dənizə” proyektinin üstündən xətt çəkdi. Bu layihə təkcə Azərbaycanı deyil, Gürcüstanın və digər dövlətlərin ərazisini əhatə edirdi. Yəni bu layihə əslində bütün bəşəriyyəti narahat edən, böyük kataklizmləri əhatə edən layihə idi və alt-üst oldu. Üstəlik, yeni dünya düzəmi quruluşunda Qafqazlardan Orta Asiyaya keçid olan bir yer, Azərbaycan ərazisi bir boğaz idi və qara əllər bu boğazı tutmuşdu, sıxırdı, bu qara əllər kəsildi. Yəni aparılan bu əməliyyat əslində bəşəriyyətə xidmət edən əməliyyatdır.

Əslində bizim üzərimizə gələn dövlətlər bunun nə anlamında olduğunu başa düşür. Baxın, üstümüzə kimlər gəlir, tam yüz il əvvəl Fransa başda olmaqla, Qərb dövlətləri, Türkiyəni, Türk dünyasını sarsıtmaq planları qoymuşdu. Bu gün onların narahatlıqları məhz bundandır.

Bütün bunlara baxmayaraq, Azərbaycan haqlı dava edir. Bu gün Türkiyə də məhvərində olmaqla, Türk Dövlətləri Təşkilatı kimi böyük bir güc ortadadır və bizə heç kim heç nə edə bilməz.

Azərbaycana qarşı cinayət törətmiş adamlardan biri Araik Arutyunyanın özünün ifadələrində var ki, “biz Gəncəyə raket atdıq”. Gəncəyə raket atılıb, dinc əhali öldürülüb və bu atılan raket qadağan olunmuş silah idi, hansı ki, Rusiya belə onu satmır. Bəs onlar bu silahı necə əldə edib, necə ərazimizə atmışdılar? Və təkcə Gəncəyə deyil, digər ərazilərə də raket atıldı, dinc əhaliyə qarşı terror hadisələri törədildi. Bütün bu cinayətləri törətdiyini Araik özü etiraf etmişdi.

Digər cinayətkarlar da bunu ediblər və etdikləri barədə kitablar yazıblar. Məsələn, Zori Balayan Xocalıda olan hadisələri təsvir edib, hansı cinayətləri törətdiyini etiraf edib. İnsanlıqdan, humanizmdən danışan dövlətlər indi üzərimizə müxtəlif səslər çıxarır və anlamırlar ki, hansı insan hüquqlarından danışırlar?

Təkcə Xankəndidən 11 min azərbaycanlı çıxarılıb, mal-mülkü əllərindən alınıb. 30 ildən sonra insanlarımızın sümükləri tapılır, DNT analizi ilə onların kimliyi müəyyən edilir. Həmin dövlətlər bir dəfə səslərini çıxardılarmı? Əlbəttə ki, heç vaxt. Ona görə də bu cinayətkarları tutmaq, qalanlarının da tapılması və cəzalandırılması bizim haqqımızdır. Onlar bir ölkəyə, xalqa qarşı genosid törədiblər, yer üzündən silmək üçün əllərindən gələni ediblər.

Mən bu qələbəni xalqımıza yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Möhtəşəm Ordumuza, xalqımıza və bu işləri təşkil edən Ali Baş Komandanımıza sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm".

Xalidə GƏRAY/“Yeni Müsavat”

Müsahibənin səs yazısını təqdim edirik:

tıklayın

Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed