Şrift:
Fərəc Quliyev:Ermənistanı dəstəkləyən ölkələrin siyasi silləyə ehtiyacı var idii
06.10.2023 [22:43] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyev Qranadada keçiriləcək görüşdə iştirakdan imtina edib. Prezidentin səfərdən imtina etməsinə səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin bu görüşdə iştirakı ilə bağlı narazılığıdır. Bu şərtlərdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
Xatırladaq ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı, Azərbaycan, Fransa, Almaniya və Ermənistan liderlərinin iştirakı ilə görüşün keçirilməsi planlaşdırılırdı.
İlham Əliyevin bu gedişini necə dəyərləndirmək olar?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son 30 ildə Azərbaycan bütün masalarda iştirak etdi: “ATƏT-in Minsk qrupu formalaşdırılanda da biz Türkiyənin orda olmasını istədik, razı olmadılar. İstənilən bir təklif müəyyənləşdirirlər və Azərbaycanın məsələsini müzakirə edirlər. Amma Azərbaycan özü hansısa ölkənin burda iştirak etməsini təklif edəndə, razı olmurlar. Bizim məsələ müzakirə olunur, amma irəli sürdüyümüz nümayəndə və yaxud dövlət qəbul olunmur. İkinci bir tərəfdən, burda vasitəçi kimi görsənən Fransanın son davranışlarını da nəzərə almaq lazımdır. Onlar görüş qabağı xarici işlər nazirini Ermənistana göndərirlər və ağıllarına gələn formada bəyanatlar verməyə çalışdılar. Bundan əvvəl də neqativ münasibətləri ortada idi. Görüşdə iştirak etmək və ya etməmək nə effekt verərdi məsələsinə gəldikdə isə, iştirak etməmək daha əhəmiyyətli oldu. Orada olub dar bir çərçivəyə münasibət bildirməkdənsə, etməyib, bütün dünyaya neqativ halların ifşasını etmək daha doğru siyasətdir. Həmçinin yeni dünya düzəninin yaranmasında türk dövlətləri təşkilatının gün kimi ortaya çıxdığını bəyan edirik və cənab Ərdoğanın dediyi kimi, ortaq gələcəyimizi müəyyənləşdirmişik. Türkiyəyə olan hər hansı bir ayrıseçkiliyi, neqativ münasibəti özümüzə olan kimi qəbul edirik. Hər kəs, bütün dünya anlamalıdır ki, biz bütün məsələlərdə bir yerdəyik. Bizim heç kimə ehtiyacımız yoxdur. Dünyanın Qərbi deyilən zonasında yerləşən türk dövlətləri olaraq, hər şeylə özümüzü təmin edə bilərik. Təhlükəsizliyimizi, iqtisadi - siyasi inkişafımızı bunlara misal olaraq göstərə bilərik. Ona görə də, belə vasitəçilərlə bir masada olmaqdansa, onların tənqidlərini, ağıl verməklərini qəbul etməkdənsə, bərabər hüquqlu masada oturmaq istəməyənlərə yerini göstərmək lazımdır. Biz nə istəyirik ki? Siz Almaniyanı, Fransanı, Avropa İttifaqını masaya dəvət edirsizsə, biz də Türkiyənin olmasını istəyirik. Bu çox normaldır. Ona görə də, mən ölkə Prezidentinin ora getməməsində iki şeyi - birinci, hər kəsə yerini göstərməsini, ikinci, münasibətimizi təkcə o masada olanlara yox, bütün dünyaya elan etməyin formasını daha məqbul hesab edirəm. Sadəcə olaraq, Ermənistanı dəstəkləyən ölkələrin davranışlarını redaktə etmək baxımından belə siyasi silləyə ehtiyac vardı”.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed