Şrift:
Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq - PA nümayəndəsi
17.01.2024 [11:12] - Gündəm, Siyasət
Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdikdən sonra ölkəmizin bütün ərazisində ilk dəfə olaraq keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə təşkili üçün şəhər və rayonlarda böyük hazırlıq işləri aparılır.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Ərazi-təşkilat məsələləri şöbəsinin müdirinin müavini Niyaz Əliyev jurnalistlərə müsahibəsində bildirib.

N.Əliyevin sözlərinə görə, artıq 6319 seçki məntəqəsi seçkilərə tam hazırlıq vəziyyətinə gətirilib, 1000 seçki məntəqəsinə vebkameraların quraşdırılması təmin edilib:

“Biz Azərbaycan Respublikası Prezident Adminstrasiyası rəhbərinin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdəyik və bu ərazilərdə seçkilərə hazırlığın vəziyyətini öyrənirik. Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır".

Şöbə müdirinin müavini bildirib ki, Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə bir yerdə işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrinin monitorinqi keçirilir: “Bütün seçki məntəqələrinin maddi-texniki təchizat məsələləri öz həllini tapıb:

"Seçki məntəqələri etibarlı rabitə, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq”.
Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed