Şrift:
Fərəc Quliyev:Səsvermədə bütün partiya üzvləri sərbəstdir
18.01.2024 [13:14] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Namizədlərin qeydə alınması prosesi başa çatıb. Bir neçə gündür namizədlərin təbliğat kampaniyası başlayıb.

Ancaq bu dəfə seçkidə öz namizədi ilə iştirak etməyən partiyalar da az deyil. Maraqlıdır, seçki təşviqat dövründə namizədi olmayan partiyalar hansı mövqedən çıxış edəcəklər? Yəni seçki dövründə taktikaları necə olacaq? Passiv müşahidəçi mövqedən çıxış edəcəklər, yoxsa prezidentliyə namizədlərdən birinə dəstək verəcəklər?

Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd etdi ki, partiyası seçkidə iştirak etməyəcək: “Ancaq bu, partiyamızın seçkini boykot etməsi anlamına gəlmir. Seçkiyə ümumən qatılırıq və müşahidəçilərimizi artıq dairələrə təqdim etmişik. Müşahidəçilərimiz prosesi izləyəcəklər. Səsvermədə bütün partiya üzvləri sərbəstdir. Kim hansı namizədə səs verəcəksə, bu məsələdə azaddır. Şəxsən mən özüm İlham Əliyevə səs verəcəm. Hesab edirəm ki, onun bu gün başladığı işləri davam etdirməsi vacibdir. Hətta bizim partiyanın resursu olsaydı, qalib gəlmək imkanımız olsaydı belə, Əliyevin xeyrinə geri çəkilərdik. Söhbət bir şəxsdən getmir. Söhbət ondan gedir ki, qlobal şərtlər var və dünyanın böyük ölkələrində seçkilər keçirilir. Bir sıra yarım qalmış işlər var. Fikrimcə, bu komandanın o işləri bitirməsi lazımdır. Digər tərəfdən, İlham Əliyevin reytinqi çox yüksəkdir”.

Vidadi ORDAHALLI/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed