Şrift:
Erməni xofu...
18.02.2013 [00:28] - Gündəm, Siyasət
İllərdir ərazisi itirilən, evləri dağıdılan, namusu tapdanan, qeyrəti ləkələnən bütöv Azərbaycan millətinin içində bundan daha betəri ola bilər deyə bir xof yaşayır... erməni xofu...

Azadlıq əldə etdilər deyə vaxtsız sevinib dilənçi vəziyyətinə düşən, kriminal seperatçı klanların əlində alətə çevrilən, başımıza bombalar yağar deyə gecələr səksəkəli yatan, səfil, dilənçi həyatı yaşamağa məcbur edilən erməni xalqı, qorxa-qorxa öz rəhbərlərinin əməllərinə baxıb bir xof yaşayırlar... erməni xofu...


Rusiyanın Cənubi Qafqaza artan təziqləri qarşısında indi Azərbaycanda hər kəsi yalnız bir məsələ düşündürür, görəsən 2-ci Qarabağ müharibəsi zamanı Ermənistan Qələbə çala bilərmi? Azərbaycan Qarabağda erməni ordusunu tərksilah etməyə başlasa, Rusiya Ermənistana hansı çərçivədə hərbi kömək göstərə bilər? Azərbaycanın Qarabağ əməliyyatlarından qıcıqlanan Rusiya Azərbaycan ərazilərinə qoşun yeridə bilərmi? – Bu cür haqlı narahatlığa və erməni xofunun yaranmasına səbəb əlbəttə ki 1-ci Qarabağ müharibəsi zamanı erməni-rus ordusunun qələbəsinin yaratdığı şəraitdir.

Məhz belə bir şəraitdə istər cəmiyyət üzvləri arasında istərsədə mətbuatda müzakirə olunan fərqli fikirlər təbii ki istər-istəməz “erməni xofu”nun yaranmasına səbəb olur. Əslində isə nə baş verir, əsl həqiqətlər nədən ibarətdir? Hesab etsək ki müharibə qaçılmazdır, bu hər an baş verə bilər, onda müharibə ərəfəsində erməni ordusunun ümumi vəziyyəti və müsbət xüsusiyyətlərinə diqqət yetirmək maraqlı olardı;

- Rus hərbi bölmələri ilə birləşən erməni süvari ordusu dağlıq şəraitdə yüksək döyüş qabiliyyətinə malikdir;

- Bu birləşmiş ordu nümunəvi kəşfiyyat xidməti yerinə yetirə bilir;

- Erməni-rus ordusu xeyli sayda zirehli texnikaya, iri çaplı atıcı silahlara və rusiya istehsalı olan idarəolunan zenit raketlərinə malikdir.

Azərbaycanın işğal altında qalan torpaqlarını daimi nəzarətdə saxlanması Rusiya Federasiyası üçün maraqlıdır və bu ölkə Ermənistana hər il külli miqdarda silah və texnikanın ötürülməsini davam etdirərək, status-kvonun qorunub saxlanılmasına zəmin yaratmağa çalışır. Buna misal olaraq göstərmək olar ki, təkcə 2012-ci ilin avqust ayından bu günədək aşağıda göstərilən silah, sursat və hərbi texnika Rusiyadan Ermənistana ötürülmüşdür.

Zirehli texnika: - BMP-3 piyadaların döyüş maşını; BMP-2 piyadaların döyüş maşını; BTR-80 bazasında R-149 komanda-qərargah maşını; BTR-70/80 zirehli transportyorlar.

Artilleriya qurğuları: - 152 mm 2A65 «Msta-B» haubitsası; 152 mm 2A36 «Qiatsint-B» topu; 2S3M «Akasiya» özüyeriyən artilleriya qurğusu; 300 mm, 240 mm və 122 mm üçün reaktiv mərmilər; 152 mm artilleriya qurğuları üçün mərmilər; Tanklar üçün 125 mm mərmilər; D-30 artilleriya qurğuları üçün 122 mm mərmilər; MT-12 topu ücün 100 mm mərmilər; Artilleriya üçün ehtiyat hissələr və ləvazimat; 2S3M «Akasiya» üçün ehtiyat hissələr və ləvazimat.

HHM və aviasiya vasitələri: - S-300 zenit-raket kompleksi üçün 5B55K, 5B55R və 5B55U idarəolunan zenit raketləri. ZRK «KUB» bir divizion tərkibində; 80 mm C-8 idarə olunmayan aviasiya raketləri; İdarəolunmayan X-25 ML aviasiya raketləri; 57 mm C-5 idarəolunmayan aviasiya raketləri UB-20-57 bloku ilə; R-60M tipli idarəolunan raketlər.

Əslində müharibə zamanı qələbəni təmin edən üç amil mövcuddur;

1. Müasir hərbi texnika.
2. Peşəkar ordu.
3. Davamlı iqtisadi şərait.

Lakin, Ermənistanın indiki iqtisadi durumu imkan vermir ki, Rusiyanın köməyi olmadan, öz ordusunu müstəqil şəkildə ərzaqla, silah-sursatla təmin etsin, təkmilləşdirsin və ya komplektləşdirsin. Hal-hazırda erməni ordusunda əsgərlərin 30, zabitlərin isə 70%-ni ruslar təşkil edir. Əslində Dağlıq Qarabağın Azərbaycanla təmas xəttində Rusiyanın 102-ci ordusunun əsgər və zabitləri xidmət keçirlər. Rusiyanın bu hərəkətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar, bir çox beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin rəhbərləri tərəfindən mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyi barədə verdikləri bəyanatları pozur.

Ermənistanın böhrandan yaxa qurtara bilməməsi, ölkədə iqtisadiyyatın bərbad vəziyyətdə olması, erməni ordusunun davamlı inkişafına mane olur ki, bu da Ermənistan ordusunda zorakılığın, ölüm hallarının, fərariliyin artmasına səbəb olur. Orduda baş verən bu hadisələr isə mülki erməni vətəndaşlarını daim təşviş və qorxu içərisində saxlayır. Ermənistan vətəndaşları ordudakı hərcmərcliyə, özbaşınalığa və digər neqativ hallara görə birmənalı şəkildə hərbi xidmətdən imtina edirlər. Məhz bu səbəbdən də erməni gənclər Ermənistan ordusunda xidmət etməkdənsə ölkəni tərk etməyi üstün tuturlar. Bu isə erməni ordusunda boşalan yerləri rus əsgərlərinin tutmasına səbəb olur. Ermənistan ordusunda mövcud olan bu neqativ hallar Ermənistan rəhbərlərini müvəqqəti olaraq müharibədən yayınmağa vadar edir.

Qarabağda ermənilərin keçirdikləri hərbi təlimlərindən məlum olur ki, bu ölkə yalnız rus atıcı silahları və texnikaları ilə təhciz olunublar. Bu isə erməni ordusunun NATO standartlaına uyğun təhçiz olunan bir qoşunla rəqabətə uzun müddətə tab gətirəcəyini mümkünsüz edir.

Əgər Qarabağda müharibə başlasa erməni ordusu 1-ci Qarabağ müharibəsində olduğu kimi yenə də quru əməliyyatlarına üstünlük veriləcəkdir. Yerüstü döyüşlərdə erməni ordusunun yanacağa olan tələbatını iki üç dəfə artıracardır. Bu isə Ermənistan ərazisindən Basarkeçər(Vardenis) – Kəlbəcər – Ağdərə - Xankəndi və Gorus – Laçın – Şuşanın dağ yolları ilə mümkün olar ki, bu da müharibə şəraitində Erşənistan ordusu üçün o qədər də etibarlı sayılmamalıdır. Çünki Azərbaycan ordusunun hava zərbələri bu yollardan istifadəni mümkünsüz edəcəkdir.

Halbuki ermənilər 1-ci Qarabağ müharibəsində Ermənistandan Qarabağa hərbi texnika üçün yanacağın daşınması ilə bağlı çətinliklərlə qarşılaşmışdılar. O dövrdə Xocalı hava limanı iri həcmli yük təyyarələrini qəbul edə bilmədiyindən ermənilər yalnız Mİ-8 vertolyotlarından istifadə edirdilər ki, bu da ordunun təminatında fasilələrə gətirib çıxarırdı. Sonralar Zori Balayan özünün Qarabağ xatirələrində yazırdı, “...Mən ordu generalı Qarabağ cəbhəsinin komandanı A.Ter-Tedovoyandan soruşdum ki, Şuşaya biz nə vaxt girə biləcəyik? – Komandir əsəbi halda cavab verdi ki, siz sualı düzgün qoymursunuz... Məndən soruşun ki, Şuşanı almaq üçün sənə nə lazımdır? Onda belə cavab verərəm 400 ton yanacaq və 1000 ədəd raket. Bunları əldə etdikdən sonra mən sizə dəqiq Şuşanşn alınması tarixini deyə bilərəm”.

Bu kiçik dialoqdan məlum olur ki indiki şəraitdə nəyə görə Ermənistan Rəhbərliyi Xocalı Hava Limanının istifadəyə verilməsinə bu qədər israrlıdırlar. Bu situasiyanı düzgün qiymətləndirən Azərbaycan Hökuməti birmənalı şəkildə Xocalı Hava Limanının istifadəyə verilməsinə qarşı çıxır.

Lakin Azərbaycan tərəfinin müasir Hava Hücumundan müdafiə qurğularına və hava döyüşləri üçün istifadə olunan xeyli sayda döyüş təyyarələrinə və helikokterlərə malik olması, növbəti müharibənin ermənistan üçün heç də asan olmayacağından xəbər verir. Ermənistanda quraşdırılmış S-300 Hava hücumundan müdafiə raketləri Qarabağın dağlıq ərazilərini tamamilə nəzartdə saxlamağa qadir olmayacaq, çünki dağlıq şəraitdə radarlardan yayılan dalğaların müqavimətini xeyli zəiflədir. Qarabağ üzərində müharibə başlayarsa, Azərbaycan özünün quru və hava ərazilərinə nəzarət etməklə, Qarabağdakı erməni ordusunu hərbi təminatdan məhrum edər və Qarabağ bölgəsinə yeridilən erməni ordusunu bütünlüklə mühasirə şəraiti yaşamağa məcbur edə bilər.

Məhz bütün bu müharibənin nə ilə nəticələnəcəyini çox gözəl anlayan Rusiya, Azərbaycanın diqqətini əsas hədəfdən yayındırmaq məqsədi ilə, açıq şəkildə Xəzər Dənizini hərbiləşdirir, Azərbaycanın Şimal sərhədlərinə qoşun yeridir. Azərbaycanı müharibədən çəkindirməklə Qarabağ probleminin həllini ümidsiz bir gələcəyə doğru uzatmağa çalışır və indiki halda buna nail olur. Əslində Rusiya bu suni problemləri yaratmaqla bölgədə itirdiyi mövqelərini bərpa etmək istəyir.

Bir sözlə, Cənubi Qafqazda itirilmiş mövqeyi ilə heç cürə barışmaq istəmir. Rusiya “bəlkə də qaytardılar” gümanı ilə hələdə keçmiş SSRİ impryalarını başqa variantda bərpa edə biləcəyinə inanırlar. Rusiyanın hökumət rəhbərləri Azərbaycanın simasında da bir Ermənistan görmək istəyirlər. Ona görə də Azərbaycana çox ciddi şəkildə təziqlər edir, hədə qorxu gəlir, hətta hərbi təzavüz edə biləcəyini istisna etmir və Gürcüstüna etdikləri təcavüzü nümunə göstərirlər. Lakin Rusiya özü də çox gözəl bilir ki, əgər belə bir şey baş versə Dünya ictimayətinin bu məsələyə münasibəti çox sərt olacaq. Əvvəla Rusiyanın Azərbaycana təcavüzünə səbəb ola biləcək heç bir fakt mövcud deyil. İkincisi isə Azərbaycanda kifayət qədər oturuşmuş Türkiyə faktoru var. Türkiyə öz növbəsində NATO-nun üzvüdür, əgər Türk Dövlətinin varlığına təhlükə yaranarsa NATO Türkiyənin mövqeyini birmənalı şəkildə müdafiə edəcəkdir. Heç də təsadüfi deyildir ki, Rusiyanın Ermənistanda yerləşdirdiyi zenit – raket komplekslərinin əsas hədəfləri məhz Türkiyə əraziləridir. İndi erməni rəhbərləridə dərk etməyə başlayıblar ki, 2-ci Qarabağ müharibəsi başlasa Ermənistan cəbhədə bu dəfə Rusiyasız mübarizə aparmalı olacaq.

Ermənistanın və Rusiyanın işğal etdikləri Azərbaycan ərazilərində vaxtaşırı keçirdikləri hərbi manevrlər, zor nümayişindən daha çox, ermənilərin öz orduları ətrafında yaratdıqları mifi ifşa etdi. Erməni ordusuna xeyir gətirmək əvəzinə zərər vurdu. Məlum oldu ki, erməni ordusunun istifadə etdikləri silah sursatlar hələ Sovet İttifaqı dövründən qalma vaxtı keçmiş köhnə silahlardır. Bütün bunlara baxmayaraq Rusiya Cənubi Qafqazda bir erməni qorxusu, bir erməni xofu yaratmaqla Azərbaycanı daim qorxu altında saxlamağa çalışırlar…

Mən bütün bu danışdıqlqrımla Azərbaycanın hərbi gücünü nümayiş etdirmək istəmədim, sadəcə bizim çoxumuzu daim qorxu altında saxlayan bir xofun həqiqi üzünü açmaq istədim, Rusiyanın yaratdığı erməni xofunun…

Mənşəyi, mənbəyi bilinməyən, kimlər tərəfindən tətbiq edildiyini aramağa çalışdığım bu xofun həqiqətdə nə olduğunu anlaya bilmirəm... Bu xof nə xofdur?... erməni xofu?..

Faiq İsmayılov
Publisist
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
ictimai birliyinin sədri
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed