Şrift:
“Rusiya imperiya maraqlarını təmin edə bilməyəcək”
06.03.2013 [11:13] - Gündəm, Siyasət
Vəfa Quluzadə: “Rusiya diktator rejimlərə dəstək verməklə, özünü gözləyən təhlükələrdən sığortalanmağa çalışır”

“Rusiya bir də heç vaxt imperiyanı bərpa edə bilməyəcək və “Avrasiya İttifaqının” yaradılması mənasız cəhdlərdən başqa bir şey deyil”. Bu sözləri açıqlamasında politoloq Vəfa Quluzadə söyləyib.

Xatırladaq ki, sovetlər birliyi yıxılandan sonra da Rusiya öz imperialist maraqlarından əl çəkə bilmir. Şimal qonşumuzun son vaxtlar “Avrasiya İttifaqı” adı ilə yenidən imperiyanı bərpa etmək cəhdləri, postsovet məkanında yerləşən ölkələrə təzyiqləri dünya birliyi tərəfindən birmənalı qarşılanmır.

Politoloq Vəfa Quluzadənin sözlərinə görə, Rusiya hakimiyyəti uzun müddətdir imperiyanı bərpa etməyə çalışsa da, buna nail ola bilmir və ola bilməyəcək də: “Rusiya öz qonşuları üçün pis örnəkdir. Həmin ölkədə baş verən qanunsuzluqlar, seçkilərin saxtalaşdırılması və digər neqativ hallar rus hakimiyyətini təhrik edir ki, dünyada mövcud olan özünə oxşar rejimlərin hakimiyyətdə qalmasına dəstək versin. Bu mənada istər postsovet məkanında, istərsə də digər şərq ölkələrində diktatura rejimlərini dəstəkləməklə məşğuldur. Çünki gözəl anlayır ki, dünyada insan azadlıqları sürətlə yayılarsa və hakimiyyətlər xalqların iradəsi ilə formalaşarsa, bu dalğa nə zamansa onun özünü də “vuracaq”. Buna görə də hər vəchlə diktator rejimlərə hayan olmağa çalışır. Lakin Suriyadakı hadisələrdə Rusiyanın tutduğu ziyanlı mövqe və onminlərlə dinc sakini qanına qəltan edən Bəşər Əsəd rejiminə dəstək verməsi Rusiya haqqında dünya birliyində növbəti dəfə mənfi imic yaratdı. İndiki halda isə onlar “Avrasiya İttifaqı” söhbətlərini ortaya atıblar. Bu məqsədlə postsovet məkanında yerləşən ölkələrə təzyiqlər edirlər. Amma Rusiya hakimiyyəti unutmamalıdır ki, imperiyanı hər hansı formada bərpa etmək mümkün olmayacaq və belə bir iddianın ortaya atılmasının özü qeyri-ciddi fəaliyyətin göstəricisidir”.

Azər Niftiyev, Editor.az
Bu xəbər oxucular tərəfindən 888 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed