Şrift:
MORMON “dini-kəşfiyyat” təriqəti Bakıda?
06.03.2013 [13:19] - Gündəm, Siyasət
Pərviz Elay

Otenil ABŞ prezidentliyinə keçirilən seçkilərdə Barak Obamanın əsas rəqibi Mitt Romni idi. Bir sıra Amerika KİV-ləri Mitt Romninin “Mormon” təriqətindən olduğunu bildirirdilər. Bu təriqət barəsində biz nəyi bilirik və ya bilmirik?
MORMONLAR BARƏSİNDƏ BİLDİKLƏRİMİZ
Mormonlar ABŞ-ın yarıqapalı, amma sayı gündən-günə artan xristian təriqətlərindən biridir. Dünyanın və ABŞ-ın digər xristian təriqətləri mormonlar haqqında tez-tez aşağılayıcı «çoxarvadlı bidətçilər» ifadəsi işlədirlər. Hələ XIX əsrdə mormonların qapalı həyatı və kişilərinin sinəyədək saqqal saxlaması onlar barəsində müxtəlif şayiələr doğururdu. Daha çox onların çoxarvadlılığı təbliğ edən təriqətləri tənqid olunur, mormonların icmasında qadınların hüquqlarının tapdanması barədə fikirlər yayılırdı, onların Bibliyaya mübahisəli yanaşması, hər bir xristianın (mormonun) öləndən sonra müqəddəsə çevrilməsi barədə fikirləri küfr elan edilirdi. Hətta, XX əsrin əvvəlində ingilis dedektiv yazarı Artur Konan Doylun ədəbi qəhrəmanları Şerlok Holms və Doktor Vatson mormonlardan qisas alan bir gəncin bəlalı məhəbbəti barəsində yazmışdı. A. Kanon Doylun əsərində də mormonların zor gücünə öz arvadlarının sayının artırılması mənfi hal kimi təqdim olunurdu.
Mormonlar digər xristian təriqətlərindən təkcə çoxarvadlı olmaları ilə fərqlənmirlər. Onlar Roma imperatoru Konstantinin təsdiq etdiyi «İncil» versiyasını inkar edirlər. Onlara görə, İncil tarix boyu qərəzli surətdə tərcüməçilər və şərhçilər tərəfindən təhrif edilib və “haqq sözü xristianlardan gizlədilib”. Digər xristian təriqətlərindən fərqli olaraq, mormon inancına görə, XIX əsrdə amerikalı fermer və təriqətin yaradıcısı Cozef Smitə «Bibliya»da adı çəkilən Mormoni adlı mələk vəhy verir. Mələk Mormoni Amerikalı fermerə yeni müqəddəs kitab verir və həmin kitaba görə, hələ İsa Məsihdən 600 il əvvəl Amerika qitəsində peyğəmbərlərin yaşamaları bildirilir. Mormonların inancına görə, onların İsa Məsihi digər xristianların İsa Məsihindən 600 il daha qədimdir və Amerikalı olub.
Çox maraqlıdır ki, ABŞ-ın müstəqilliyi uğrunda mübarizədə məhz mormon təriqətinin tərəfdarları fəal iştirakçılar idilər. Onlar təlqin edirdilər ki, məhz «amerikalı xristianlar» Avropa xristianlarından daha qədim və düzgündürlər. Amerikalı xristianlar Avropa xristianlarından, ilk növbədə Anqlikan kilsəsindən müstəqil olmalıdırlar. Faktiki olaraq, ABŞ müstəqilliyinin kökündə təkcə anqlo-sakson masonlarının mübahisəsi ilə yanaşı, dini faktor da, yəni mormonlar dururdular.
Cozef Smit öldükdən sonra, mormon təriqəti parçalanır. Belə ki, bəzi mormon qrupları qapalı həyat tərzinə üstünlük verirlər, digərləri isə, irqçi mövqe tutaraq öz sıralarına “rəngli amerikalıları” buraxmayaraq, yalnız ağdərili amerikalılar içində təbliğat aparırlar. Yeni yaranmış qruplar içində ən nüfuzlu və çoxsaylısı Son Müqəddəs Günlərin İsa Məsih kilsəsi təriqəti olur. Bu mormon qanadı siyasi cəhətdən daha fəaldır və irqçiliyi kənara ataraq öz sıralarına istənilən irqə mənsub amerikalıları qəbul edir. Mormon təriqətinin müxtəlif qolları Kanadada da geniş yayılıblar.
Amerikada uzun müddət qapalı həyat tərzi keçirmiş mormonlar XIX əsrin sonundan etibarən ikili siyasət yeritməyə başladılar. Son Müqəddəs Günlərin İsa Məsih kilsəsinin XIX əsrin 90-cı illərində keçirdiyi məclislərdə bildirilirdi ki, “yolunda şəhid olduğumuz dövlət, biz qapalı qaldıqca, yəhudilərin və digərlərinin əlinə keçməkdədir”. Bundan etibarən mormonların bir qismi ABŞ iqtisadiyyatına və siyasətinə ciddi surətdə axın etdilər. Bu gün mormon təriqətindən olan, lakin amerikalıları qıcıqlandırmamaq üçün yalnız bir qadınla ailə qurmuş Mitt Romni mormonların həmin siyasətinin bariz nümunəsidir. O, həmçinin Son Müqəddəs Günlərin İsa Məsih kilsəsinin yepiskopu və bir neçə mormon camiəsinin prezidentidir, yəni dini başçısıdır.
MORMONLAR BARƏSİNDƏ BİLMƏDİKLƏRİMİZ
Mormonların ABŞ-da və dünyada gücü nə qədərdir?
Bu başdan deyək ki, mormon icmalarının əlində ABŞ və dünyada tanınan biznes qruplarının böyük səhmləri vardır, bu qurumların strateji vəzifələrində öz adamları oturur. Buraya “Marriott” otellər şəbəkəsi, “American Exspress” bank transfer sistemi, ABŞ-Almaniya “Deutsche Lufthansa” aviaşirkət şəbəkəsi, filiallarından biri Bakıda yerləşmiş “Pricevaterhouse Coopers” beynəlxalq konsaltinq və audit şirkəti, “Credit Suisse Evrope” maliyyə şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə idarəsi, Uol-Stritdəki nəhəng bankların əksəriyyəti daxildir. ABŞ xüsusi xidmət təşkilatlarında, hərbi strukturlarında və maliyyə sistemində mormon təriqəti möhkəm kök atmışdır. Ənənəvi olaraq mormonlar ABŞ-da respublikaçılar partiyasına dəstək verirlər.
ABŞ-da kütlələr üzərində nəzarət məsələsində xristian dünyasına diqqət ayrılır. Məhz xristian dini cərəyanları cəmiyyət daxilindəki ziddiyyətlərin xaosa çevrilməsinin qarşısını alır. ABŞ-ın Federal hökuməti daim öz dünyəviliyini bəyan etsə də, ölkə prezidentləri özlərini əsl peyğəmbər kimi göstərirlər: hətta andiçmə mərasimində Konstitusiyaya deyil, «Bibliyaya» əl basırlar. Hər çıxışının sonunda isə ABŞ xalqına tanrıdan xeyir-dua verirlər.
Amerikanın daxili və xarici kəşfiyyat xidmətləri də dini təriqətlərə, ilk növbədə mormonlara xüsusi diqqət yetirir. ABŞ-ın analitikləri qeyd edirlər ki, mormonların əlindən dünyada yaşayan milyarddan yuxarı insan barəsində ətraflı məlumat kataloqu vardır. Faktiki mormonlar MKİ və FTB-nin dini sahədə ən güclü əsasını təşkil edirlər.
2012-ci il aprelin 24-də ABŞ KİV-ləri belə bir xəbəri yaydılar ki, Yuta ştatında dəyəri 2 milyard dollar olan, ərazisi 9 hektar sahəyə malik, ən yeni serverli kiber-casusluq mərkəzi inşa edəcəklər. Mərkəz 2013-cü ilin oktyabrında fəaliyyətə başlayacaq. Çox maraqlıdır ki, internet və elektron informasiya sahəsində casusluqla məşğul olan bu mərkəz Yuta ştatının ucqarında yerləşmiş əhalisi 8 min nəfər olan Blaffdeyl şəhərciyində yerləşəcək. Amma biz onu da qeyd edə bilərik ki, məhz ABŞ-ın gözdən uzaq olan bu şəhərciyində Son Müqəddəs Günlərin İsa Məsih kilsəsi və Briqam Yanqın Universiteti yerləşir. Əslində ən nüfuzlu və çoxsaylı mormon təriqətçiləri özlərini məhz rəsmən Son Müqəddəs Günlərin İsa Məsih kilsəsi adlandırırlar. Həmin universitet isə, Amerikada qeyri-rəsmi «Mormon Harvardı» adlanır. Bu universitetin 35 min nəfər tələbə heyəti ən azından 2-3 dil bilən poliqlotdurlar və Amerikanın dini-vətənpərvər mormon təriqəti ilə tərbiyə olunmuşlar. Faktiki onlar MKİ üçün könüllü casuslardır. Onu da qeyd edək ki, ABŞ-ın FTB və MKİ-sinin gənc kadrları arasında Briqam Yanq Universitetinin məzunları aparıcı yerləri tuturlar. Qeyd edək ki, bir çox ölkələrdə filialları olan bu universitetin İsraildəki filial yəhudi din xadimlərinin tələbindən sonra bağlanmışdır.
Çox maraqlıdır ki, ABŞ informasiya nəhəngləri Rusiyada mormonların tərəfdarlarının üzləşdiyi etirazlar barədə ümumiyyətlə məlumat verməməyə çalışır. Belə ki, 2012-ci il noyabrın 12-də Rusiyanın prezidenti, keçmiş KGB zabiti Putin Rusiya ərazisində fəaliyyət göstərən təşkilatların xaricdən maliyyələşməsinə qadağan barədə qərar verdi. Bu qanun qüvvəyə mindikdən bir neçə gün sonra Putin tərəfdarı olan rus gənclərinin «Molodaya Qvardiya» təşkilatının üzvləri Moskvada mormon təriqəti qərargahı qarşısında etiraz piketi keçirdilər. Etirazçılar əllərində simvolik, nəhəng ölçüdə Vaşinqtona qayıdış üçün təyyarə bileti tutmuşdular. Təyyarə biletinin üzərində ABŞ MKİ-sinin nəhəng loqotipi dururdu.
Məsələ ondadır ki, Yeltsin dövründən Rusiyada missionerlik adı ilə fəaliyyət göstərən mormon təşkilatının rəsmi üzvlərinin sayı bu gün 22 minə çatmışdı. Onların təsiri altında həmçinin, Rusiyanın maliyyə və siyasət sahəsindəki strateji mövqeləri var idi. Amma Putinin gəlişindən sonra ABŞ-la və Avropa ilə bağlı olan xristian missioner təşkilatlar sıxışdırılmaya məruz qaldılar. Belə ki, Putin öz mesajlarında üstüörtülü şəkildə həmin missioner xristian təşkilatların, o cümlədən, mormonların casusluqla, yerli milli toplum daxilində “təsir agentlərinin” yetişdirməsi ilə məşğul olduqlarınıdan xəbərdar olduğunu dəfələrlə bildirmişdi.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev uzun müddət mormon təriqəti ilə bağlı ABŞ-ın beynəlxalq şirkətlərini Qazaxıstana buraxmırdı. Amma görünür, müəyyən geopolitik səbəblərdən 2011-ci ilin sonunda bu qurumlara Astanada ofis açmağa icazə verir. Bu qurumlar Qazaxıstan xüsusi xidmətlərinin güclü nəzarəti altında fəaliyyət göstərirlər.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed