Şrift:
Bir neçə nəfər Güneylə bağlı keçirilən konfrans salonuna daxil olmaq istəyirdi
03.04.2013 [12:04] - Gündəm, Güney Azərbaycan xəbərləri
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Bakıda keçirilən Güney Azərbaycan konfransıyla bağlı İranın Azərbaycana nota göndərməsini əsassız sayır.

“Media forum” saytının məlumatına görə, Elxan Şahinoğlu bildirib ki, İranın müxtəlif şəhərlərində Azərbaycan əleyhinə az qala hər ay konfrans və seminarlar keçirilir: “Ötən il Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçiriləndə Tehranda buna qarşı aksiyalar təşkil olundu. Bu azmış kimi həmin müsabiqə ərəfəsində İranın xüsusi xidmət orqanı ilə əlaqəsi olan, Bakıda terror planlaşdıran şəxslər yaxalandı. Onlar müsabiqənin keçiriləcəyi zalda (salon) partlayıcı qurğu yerləşdirmək istəyirmişlər. Başqa qrup isə ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin Bakıdakı səfirliklərinə terror hücumları həyata keçirməli imiş. Bugünlərdə erməni separatçıları (bölücü) işğal altındakı Şuşada talış dilində radio açıblar. Məqsəd aydındır, Azərbaycan daxilində gərginlik yaratmaq. Bu təxribatın arxasında da Tehrandakı dairələrin dayandığına dair şübhələr var.

İndi bütün bunlar İranın Azərbaycanın daxili işlərinə qarışması deyil, Bakıda konfransın keçirilməsi İranın daxili işlərinə qarışmaqdır? İrandakı rejim Azərbaycan dilində təhsil tələb edən şəxslərin zindanlara doldurulmasına bizim seyrçi qalmamızımı istəyir? İnsan haqları və ana dil bəşəri dəyərlərdir və bunu tələb etmək heç bir ölkənin daxili işlərinə qarışmaq deyil”.

Elxan Şahinoğlu konfransa İranın agentura şəbəkəsinə bağlı şəxslərin daxil olmağa çalışdığını vurğulayıb: “Konfransın işində iştirak edirdim və güneyli dostlarımdan aldığım bilgilərə görə, tədbirə dəvət almayan bir neçə nəfər cidd-cəhdlə konfransın keçirildiyi zala daxil olmaq istəyirdi. Əgər onlar gerçək medianı təmsil etsəydilər, bir problem olmazdı. Toplantı bütün media qurumları üçün açıq idi. Ancaq “dəvətsizlərin” konfransın işini pozmaq üçün “Park İNN” otelinə göndərildiyi davranışlarından hiss olunurdu. Bir dəfə regional (bölgəsəl) mövzuda bir toplantıya qatılmışdım. Toplantıya gələn İran səfirliyinin iki əməkdaşının yerdən atmacaları və qeyri-etik davranışları ilə toplantının işini pozmaq cəhdlərinin şahidi olmuşdum. Ona görə də bu dəfə onlara belə bir imkan verilməməliydi və verilmədi də”.
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed