Şrift:
Azərbaycanda yeni növ cərrahi əməliyyatlarının tətbiqinə başlanılıb
09.04.2013 [12:52] - Gündəm, Sağlıq
Azərbaycanda əməliyyatların yeni formasının - "hibrid" əməliyyatların həyata keçirilməsinə başlanılıb. Belə əməliyyatlar zamanı həm açıq, həm də qapalı əməliyyatları eyni anda həyata keçirmək olur. Dünyada cox məşhur olan bu əməliyyat növü artıq ölkəmizdə bir xəstə üzərində aparılıb.
Həmin əməliyyatı aparan tanınmış türkiyəli professor, Respublika Müalicə Diaqnostik Mərkəzinin həkimi Əhməd Məmiş Trend-ə bildirib ki, Azərbaycanda bir aortik anevrizma (yırtılma) xəstəsində həm qapalı, həm də eyni seansda açıq əməliyyat keçirilib. Bu da başqa metodlarla müalicə oluna bilməyən xəstənin ölümünün qarşısını alıb.
Həkimin sözlərinə görə, bəzi patologiyaları neyroçərrah yaxud ürək cərrahı təkcə əməliyyat edə bilməz. Ancaq bu həkimlərin birləşərək apardığı "hibrid əməliyyat"lar sayəsində daha əvvəl müalicə oluna bilinməyən cox sayda xəstələr sağala biləcəklər. Bu əməliyyatlar beyin-damar, aortik, ürək-damar xəstəliklərinin müalicəsində cox səmərəlidir.
"Döş aortasının iki fərqli hissəsində böyük anevrizma yaranmış xəstə əməliyyat edilsə, xəstənin ölüm riski cox yüksək olar. Belə anda qalxan aortada açıq, enən aortada qapalı əməliyyat aparılır. Beləliklə, eyni əməliyyat otağında eyni anda "hibrid" əməliyyat, yəni həm açıq, həm də qapalı əməliyyat aparılır. Bu da imkansız əməliyyatı mümkün edir", -Məmiş əlavə edib.
O bildirib ki, aortik anevrizmalar cox təhlükəli patologiyalardır. Damar nə qədər genişlənirsə, onun yırtılma riski bir o qədər cox olur. Bu əməliyyatları aparmaq üçün cox müasir avadanlıqlar tələb olunur. Çünki bəzi hallarda xəstənin bədəni 18 dərəcəyə kimi soyudularaq praktiki olaraq "öldürülür", əməliyyat bitdikdən sonra onun bədəni təkrar canlandırılır.
Məmiş deyib ki, aortik patologiyalarından əhali arasında ən cox rast gələni aortanın genişlənməsi və cırılmasıdır.
Onun sözlərinə görə, əsas vacib məsələlərdən biri belə xəstələr üçün dəqiq diaqnoz qoymaqdır. Ancaq bir cox hallarda Azərbaycanda belə xəstələrin diaqnozunu damar yırtılmamışdan əvvəl qoya bilmirlər. Belə xəstələrə diaqnoz yalnız aorta cırıldıqdan və və daxili qanaxma baş verdikdən sonra qoyulur.
Məmiş bildirib ki, beyin, qan-damar xəstəlikləri, əsasən insultla nəticələnir. Dünyada ölümə səbəb olan 3-cü ən ağır xəstəlik hesab edilən insultun işemik tipində damarlarda tromblar yaranır, onlar daralır və nəticədə damarların tutulması baş verir. Nəticədə beyin qidalanmadığı üçün insult yaranır. İnsultun hemorragik tipində isə beyində patologiya, aortanın "balonlaşma"sı əmələ gəlir. Belə tip beyin-damar patologiyalarında təzyiqin yüksəlməsi nəticəsində kapilyarlarda yırtılma və beyin daxilinə qanaxma baş verə bilər. Bu yaxınlaradək belə damar patologiyalarının aradan qaldırılması üçün kəllə sümüyü açılaraq əməliyyatlar edilirdisə, artıq Azərbaycanda kəllə sümüyü açılmadan beyində əməliyyatlar aparılır. Bu zaman bir mm-in dörddə biri nazikliyində mikrokatetr vasitəsilə bud arteriyasından 2 mm-lik deşikdən daxil olmaqla, bütün damarların әn uc nöqtәlәrinә çatmaq və problemi həll etmək mümkündür. Aortik anevrizmaları, damar patologiyalarını aradan qaldırmaq üçün süni damar implantasiyaları tətbiq edilir.
Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed