Fərəc Quliyev Ramil Səfərovla bağlı kampaniyanın qarşısını niyə alıb? - MÜSAHİBƏ
Fərəc Quliyev Ramil Səfərovla bağlı kampaniyanın qarşısını niyə alıb? - MÜSAHİBƏ
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə müsahibə Milli Məclisin foyesində baş tutdu. Söhbətə Fərəc bəyin rəhbərlik etdiyi partiyanın, daha doğrusu, neçə illərdik hərəkat kimi fəaliyyət göstərən, bir ildir partiya statusu alan təşkilatın işləri və onun cəmiyyətə verdiyi töhfələrdən başladıq. Söhbətin ardı Fərəc Quliyevin həbsxana həyatına, həbsxanadan parlamentə gələn yola və digər məsələlərə həsr olundu.
- Biz hərəkat olaraq 2003-cü ildən fəaliyyət göstəririk. 2005-ci ildə qurultay keçirib təşkilatlanmışıq. Hazırda strukturda heç bir dəyişiklik yoxdur, əvvəlki kimi fəaliyyətdəyik. Təbii ki, Azərbaycan qanunvericiliyinə görə, hərəkat kimi qeydiyyatdan keçə bilməzdik. Ona görə də, partiya sisteminə keçmək qərarına gəldik. Amma strukturumuz öz yerində qaldı. Başqa partiyalardan fərqli olaraq, bizdə departament strukturu fəaliyyətdədir. Problemlərə adekvat davranış nümayiş etdirmək üçün bu sistemi qurmuşuq. Bizim partiyanın Borçalı, Güney Azərbaycan, Qərbi Azərbaycan, Dərbənd, Bakı və ətraf kəndlər departamentləri mövcüddür. Elə bir sistem qurmuşuq ki, hamı hansısa məsələ ilə bağlı bütün işlərə cəlb olunur.