Fərəc Quliyev: - Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir.
Fərəc Quliyev: - Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir.
Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev “Gündəlik Teleqraf”a açıqlamasında deyib ki, əslinə burada təəccüblü bir şey yoxdur. Onun sözlərinə görə, Rusiyanın indiyədək də davranışı məhz bu cür olub: “Rusiya münaqişə başlanan gündən mütəmadi olaraq Ermənistanın tərəfindən çıxış edib və ATƏT-in Minsk Qrupundakı bitərəfliyini, tərəfsizliyini çoxdan itirib. Azərbaycan haqlı olaraq öz ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcəyini bildirəndə də hər zaman Rusiyanın KTMT çərçivəsində Ermənistana kömək edəcəyi açıqlanıb. Üstəlik, Ermənistanı müasir silahlarla təmənnasız silahlandırmaqla məşğul olub. S-300, daha sonra isə S-400 tipli raketləri onlara verib. Bu, ilk növbədə Ermənistanın xarici siyasətinin olmadığını göstərir. İkinci onu göstərir ki, Qarabağ təkcə Ermənistan tərəfindən işğal olunmayıb, Ermənistan bir maşadır. Ermənistanın forpost dövlət olması həm də ona görə ortadadır ki, bu ölkənin müstəqilliyinin 20 illiyi ilə bağlı keçirilən hərbi paradda rus texnikası, rus əsgərləri Rusiya bayrağı altında keçid edirdilər. Yəni, Ermənistan birmənalı şəkildə Rusiyanın əyaləti funksiyasını yerinə yetirən bir dövlətdir. Amma Rusiya əgər gerçəkdən bir qonşuluq siyasəti yürütmək istəyirsə, doğrudan da, ATƏT-in Minsk Qrupunun üzvü olaraq bölgədə sabitlik istəyirsə, bu davranışına son qoymalıdır. Biz bu istiqamətdə dəfələrlə çağırışlar etmişik. Amma buna baxmayaraq həm Ermənistanın mövqelərini qətiyyətlə dəstəkləməsi, həm də bundan sonrakı təcavüzü üçün onun silahlandırılması göstərir ki, Rusiyanın ATƏT-in Minsk Qrupunda fəaliyyəti artıq mümkün deyil”.

Millət vəkili qeyd edib ki, Ermənistan təcavüzkarlığı əvvəlcədən planlaşdıran bir dövlətdir: “Asimus aqressimus deyilən bir termin var. Bu termin əsl Ermənistana uyğun gələn bir termindir. Bunların planında türk torpaqlarında “Böyük Ermənistan” qurmaq dayanır. Bütün bunlara baxmayaraq Rusiya Ermənistanın yanında dayanmaqda davam edir. Son vaxtlar Ermənistana yenidən silahların verilməsi, dəstəyin gücləndirilməsi göstərir ki, Rusiya ATƏT-in Minsk Qrupunda heç vaxt ədalətli mövqe tutmayacaq. Rusiya təcavüzə məruz qalanla təcavüzkar arasında nəinki bərabərlik işarəsi qoyur, həm də təcavüzkara maddi-texniki yardımlar edir, siyasi dəstək verir və bunu gizlətmir. Ona görə də biz Rusiya ilə münasibətlərimizə ya yenidən baxmalı, ya da Rusiya ilə bu məsələləri açıq şəkildə danışmalıyıq. Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir”.