AZƏRBAYCAN İSTEHKAMLARI ERMƏNİ MÖVQELƏRİNDƏN ÜSTÜNDÜR, YOXSA...
AZƏRBAYCAN İSTEHKAMLARI ERMƏNİ MÖVQELƏRİNDƏN ÜSTÜNDÜR, YOXSA...
Milli Məclisin üzvləri də vaxtaşırı səngərlərdə olur, əsgərlərimizin durumu ilə maraqlanırlar. Düzdür, adətən belə rəy formalaşır ki, nümayəndə heyətini normal təchizatı olan hərbi mövqelərə aparırlar və bu, real mənzərəni əks etdirmir. Ancaq əksini düşünənlər də var. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev də deyir ki, narahatçılıq üçün əsas yoxdur: “Mən ən ucqar yerlərdəki səngərlərimizdə olmuşam. Bizim istehkam qurğuları düşmənin istehkam qurğularından heç də zəif deyil. Həm normal təchizat var, həm də kifayət qədər də diqqət yetirilir. Mənim oğlum Sədərəkdəki yüksəkliklərdən birində xidmət edirdi, ən gedilməz yollarla ora çıxmaq olurdu. Amma kifayət qədər normal təchizat və təminat gördüm”. Ancaq F.Quliyev deyir ki, biz hücum qarşılamaq üçün yalnız səngəri düşünməməliyik: “Biz hücum edən tərəf olmalıyıq və təbii ki, qarşı tərəfin səngərləri öyrənilməlidir. Biz səngərlərdən çıxmağı da daha çox hücum taktikası ilə işləməyi bacarmalıyıq. Ona görə də səngərlərdən çox ordumuzun hücum məsələlərinə diqqət verməliyik”.