Bayram Səfərov: “Saakyanla bir masa arxasında oturmayacağam”
Bayram Səfərov: “Saakyanla bir masa arxasında oturmayacağam”
“Azərbaycan qanunlarına hörmət etməyən şəxslə danışıqlar aparmayacağam”
“Biz Dağlıq Qarabağın erməni icması ilə danışıqlara hər zaman hazırıq və çalışacağıq ki, danışıqlar baş tutsun”.
Bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. Danışıqların hansı şəraitdə keçiriləcəyi barədə hələlik konkret fikir söyləyə bilməyəcəyini qeyd edən B. Səfərov Dağlıq Qarabağdakı erməni icmasının rəhbərliyi təmaslardan qaçdığını vurğulayıb: “Erməni icmasının rəhbərliyi bizdən qaçır, Almaniyada, Fransada da görüşdən qaçdılar”.
B. Səfərov Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla eyni masa arxasında oturmayacağını da vurğulayıb: “Mən həmişə demişəm - Bako Saakyanla bir masa arxasında oturmayacağam. O kimdir ki? Mən Azərbaycan hökumətinə, dövlətinə, Konstitusiyasına hörmət edən, Dağlıq Qarabağda yaşayan hər bir erməni ilə danışmağa hazıram. Azərbaycan qanunlarına hörmət etməyən şəxslə danışmayacağam”.