Millət vəkili Fərəc Quliyev Avronest Parlament Assambleyasının  plenar sessiyasında çıxış etdi və bəyanat yaydı
Millət vəkili Fərəc Quliyev Avronest Parlament Assambleyasının plenar sessiyasında çıxış etdi və bəyanat yaydı
Azərbaycan Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Avronest Parlament Assambleyasının plenar sessiyasında çıxış etdi və bəyanat yaydı. Bəyanatın tam mətnini diqqətinizə çatdırırıq:
Əziz həmkarlarım, sovet imperiyasının dağılması və işğalda olan ölkələrin müstəqillik qazanmasının 20 illiyi ərəfəsində Avronest Parlament Assambleyasının plenar sessiyasının keçirilməsi böyük siyasi hadisədir. Bəşəriyyətin xərçəng xəstəliyi olan kommunizmin süqutu Yeni Dünya Düzənində demokratik dəyərlərin üstün vəziyyətə gəlməsi dinamizminə təkan verdi. Bu imperiyanın Şərqi Avropa ölkələrində - Polşada, Macarıstanda; Orta Asiyada – Qazaxıstanda, Özbəkistanda; Pribaltikada, Gürcüstanda, 20 yanvar 1990-cı ildə Azərbaycanda törətdiyi qanlı cinayətlər hansı mahiyyətli bəladan bəşəriyyətin xilas olduğunu göstərir. Ölüsü də zərər verən bu imperiya, Dnestryanı, Osetiya, Avxaziya, Qarabağ və sair kimi süni problemləri dinc Planetimizin – evimizin döşəmələri altına mina kimi döşəyərək tarixin səhnəsindən getmişdir.